İstanbul faciənin eşiyində: 58 günlük su ehtiyyatı qalıb

12:20 26.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbulu içməli su ilə təchiz edən bəndlərdə 58 günə kifayət edəcək qədər su qalıb.

Hafta.az-ın yazdığına görə, bu il İstanbulda təsirli olan quraqlıq bəndlərdə özünü göstərir. Suyun səviyyəsi son 19 ilin ən aşağı həddə düşüb. Hazırda İstanbula su verən bəndlərdəki səviyyə 19,89 faiz olaraq ölçülüb.

Ötən ilin bu günü İstanbul bəndlərinin doluluq nisbəti 42,21 faiz, 2021-ci ilin eyni tarixində isə bu rəqəm 46,26 faiz olub. Son 10 ilin ən yüksək səviyyəsi 26 oktyabr 2015-ci ildə 69,62 faizlə qeydə alınıb.

Hazırda İstanbulu su ilə təmin edən 5 bənddə suyun səviyyəsi 10 faizdən aşağı düşüb. Bu bəndlər Pabuçdərə, Sazlıdərə, Kazandərə, Büyükçəkməcə və Terkosdur. Pabuçdərə, Sazlıdərə və Büyükçəkməcədə səviyyə hətta 5-in altındadır. Ən aşağı su səviyyəsi isə yüzdə 3,25 ilə Pabuçdərə bəndindədir.

İSKİ-nin məlumatına görə, hazırda İstanbulun bəndlərində 174,75 milyon kubmetr su var. İstanbula gündə orta hesabla 3 milyon kubmetrdən bir qədər çox su verildiyini nəzərə alsaq, yağış yağmasa, şəhərə təxminən 58 gün su qalacaq.

2007-ci il İstanbul üçün ən pis il hesab edildi. Bu il bəndlərə gələn suyun miqdarı 2007-ci ildəkindən də az olub. Yəni son 20-30 ilin ən quraq dövrlərindən biridir.